SON XƏBƏR

ÜAK məsələsində müsbətə doğru dönüş

Aprel 26
10:33 2017
"Ola bilər ki, mayın 15-dək Ədliyyə Nazirliyi ÜAK-dan yeni təqdim olunan sənədlərə baxıb qurumu qeydiyyata alacaq”

Aprelin 25-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə məhkəmə iclası keçirilib. APA-nın verdiyi xəbərə görə, prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib. Məhkəmə xahişi nəzərə alıb və prosesin mayın 15-də davam etdirilməsi qərarı verilib.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu-sənədlərdə çatışmazlıqlar olduğu bildirilmişdi. Bəyan edilmişdi ki, Rusiya Ədliyyə Nazirliyi "İctimai Təşkilatlar haqqında” Qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Təşkilat pozuntuları aradan qaldırmadığına görə Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

İlk məhkəmə iclası aprelin 11-də keçirilməli idi. Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etməməsi əsas göstərilərək hazırlıq iclası aprelin 25-nə təyin olunmuşdu. Dünən isə Ədliyyə Nazirliyinin rəsmisinin xahişi ilə məhkəmə baxışı növbəti dəfə təxirə salınmış oldu.


Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyi təmsilçisinin ÜAK-dan yeni sənədlərin daxil olduğunu söyləyib məhkəmədən vaxt istəməsi ciddi yumşalmadır. Problemin müsbət həllinin simptomları görünməyə başlayıb. Məhkəmənin ikinci dəfə təxirə salınması və Ədliyyə Nazirliyi təmsilçisinin xahişi bundan xəbər verir: "Bu, həm Rusiya məhkəməsinin, Rusiyanın özünün simasını qorumaq üçün, həm də Azərbaycanla münasibətlərə xələl gəlməməsi üçün edilir. Burada həm də Azərbaycanı ÜAK məsələsində daha çox minnətçi olmağa vadar etmək istəyi özünü göstərir. Azərbaycan tərəfi siyasi rəhbərlik səviyyəsində ciddi surətdə bu problemin müsbət həllinə can atır və bunun üçün Rusiya siyasi rəhbərliyi ilə danışıqlar aparıldığı da şübhə doğurmur. Azərbaycanın müvafiq dövlət, hökumət strukturları hərəkətə keçərək addımlar atdılar. Azərbaycanın həm rəsmi qurumları, həm diaspora qurumları, həm ayrı-ayrı nüfuzlu azərbaycanlılar Rusiyaya müraciətlər etdilər və məsələnin müsbət həlli üçün Rusiyadan addım gözlədiklərini bildirdilər. Artıq bəllidir ki, ÜAK məsələsi ilə bağlı prosesə dövlət vəzifəsi daşımayan, lakin ciddi nüfuza malik ictimai xadimlər, iş adamları da qoşulub. Məsələn, Rusiya siyasi elitasında, ictimaiyyəti içərisində nüfuz sahibi olan azərbaycanlı hüquq professoru, iş adamı İlham Rəhimov ÜAK-ın qeydiyyatının ləğv olunmaması üçün addımlar atıb. Bu barədə İlham Rəhimov müsahibəsində bildirmişdi ki, ÜAK məsələsi ilə əlaqədar olaraq Rusiyanın Ədliyyə Nazirliyi və digər müvafiq orqanları ilə danışıqlar aparıb və problemin müsbət həlli üçün xahiş edib. İlham Rəhimov eyni zamanda bildirmişdi ki, ÜAK-ın sənədləri ilə bağlı da bir sıra çatışmazlıqların düzəldilməsinin vacibliyi təşkilatın rəhbərliyinin nəzərinə çatdırılıb. İndi Ədliyyə Nazirliyinin təmsilçisinin ”ÜAK-dan yeni sənədlər daxil olub" deməsindən bu qənaətə gələ bilərik ki, sənədlərdə olan çatışmazlıqlar aradan qaldırılıb".

Politoloqun fikrincə, mayın 15-də bu məsələyə müsbət nöqtə qoyulacağı və ÜAK-ın fəaliyyətini davam etdirəcəyini söyləmək mümkündür".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook