SON XƏBƏR

Abşeron RİH-dən Ulu Öndərin ildönümünə "hədiyyə"- FOTOLAR

May 04
23:09 2016
Mehdiabad qəsəbəsinin giriş hissəsində uzun illərdən bəri qəsəbənin simvoluna çevrilmiş Ulu Öndər Heydər Əliyevin posterinin Abşeron RİH-i tərəfindən sökülməsi ilə bağlı məlumat aldıq. Araşdırmamız zamanı Ulu Öndərin posterinin həqiqətən söküldüyünün şahidi olduq.
 
Mart ayının əvvəlində faktla bağlı Abşeron rayon icra hakimiyyətinə - 012 341 02 03 nömrəsinə- zəng vurub yaranmış vəziyyətə izah istədik. Telefonda bizi dinləyən xanım sonda bu məsələyə münasibət bildirməyə səlahiyyətinin olmadığını dedi. 
 
Sonradan Abşeron RİH-nin məsələyə rəsmi münasibətini öyrənmək üçün rəsmi sorğu göndərdik. Nəhayət iki aydan sonra- bu gün Abşeron RİH-i rəsmi sorğumuzu cavablandırıb. Amma əgər buna cavab demək mümkünsə...
 
Abşeron RİH-i başçısının müavini Fuad Cəbrayılovun adından redaksiyamıza göndərilən məktubda deyilir ki, " Müraciətinizə cavab olaraq bildiririk ki, rayonda (qəsəbədə) abadlıq, quruculuq işləri aparıldığı üçün Mehdiabad qəsəbəsinin girişində Ulu Öndər Heydər Əliyevin posteri çıxarılmışdır". (Məktubun surəti aşağıdadır)
 
"Üzrü qəbahətindən böyük" buna deməyib kimə desinlər?..
 
Qlobal.az saytı olaraq əvvəldən bəyan etmişik ki, Abşeron RİH-nin hüquqi və mənəvi məsuliyyət hissini unutmuş məmurlarının törətdiyi bu əməli biz cəmiyyətimizin formalaşmaqda olan "siyasi ruhuna" qarşı törədilmiş akt sanırıq. Bizim üçün Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyası hər zaman müqəddəs olub və olacaqdır. Çünki biz cəmiyyətimizin və dövlətimizin dünyəvi və sürətli inkişafını Ulu Öndərin Azərbaycançılıq ideologiyasının varoluşunda görürük. Ancaq sayt olaraq yürütdüyümüz bu kurs heç də hakimiyyətyönlülük demək deyil. Biz yalnız və yalnız Ulu Öndərin ideologiyasının əsgərləriyik.
 
Məsələyə gəldikdə isə, Abşeron RİH-nin nəzərinə çatdırırıq ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü daxili sosial siyasətin nəticəsində bu gün respublikanın bir çox yerlərində abadlıq, quruculuq işləri aparılır. Ancaq bu abadlıq, quruculuq işləri nəticəsində heç bir yerdə Ulu Öndərin posteri sökülmür. Ulu Öndərin posterinin çıxarılmağı barədə verdiyiniz bu qərarın hansı xəstə təfəkkürlü məmura aid olduğu doğrudan da maraqlıdır. Və həm də düşündürücüdür. Bəlkə qulaqlarınıza nə isə pıçıldayan olub?
 
Abşeron RİH-nin nəzərinə onu da çatdırırıq ki, bu gün Azərbaycanın iki regionunda Ulu Öndərin posteri yoxdur, biri yağı düşmənimiz ermənilər tərəfindən işğal olunmuş Qarabağdır, digəri isə Abşeron RİH-nin inzibati tabeçiliyində olan Mehdiabad qəsəbəsidir. İndi sual edirik, Qarabağı başa düşdük, oranı ermənilər işğal edib, bəs Mehdiabad qəsəbəsini kim işğal edib?
 
Daha sonra Abşeron RİH-inin başçısının müavini Fuad Cəbrayılovun məktubda qeyd etdiyi " Ulu Öndərin posteri abadlıq, quruculuq işlərinə görə çıxarılıb" sözünə sual edirik, hansı "abadlıq, quruculuq işlərinə görə? Axı sökdüyünüz posterin yerində qum- çınqıl bazarı yaratmısınız. Bu posterin yerləşdiyi ərazidə hazırda bazar fəaliyyət göstərir. Yoxsa Abşeron RİH-nin məmurları bu bazardan xəbərsizdirlər. Əgər belədirsə bu daha da pis. Rəhbərlik etməli olduğunuz rayondan xəbəriniz yoxmudur? 
 
Son olaraq vurğulayaq ki, Abşeron RİH-nin başçısı bu məsələyə diqqət yetirməyə bilər. Anlayırıq, xanımdır. Bəlkə də qohum-əqrabasına, məişət problemlərinə daha çox diqqət ayırır. Ancaq bütün bunlarla belə əminik ki, Abşeron RİH-də məsuliyyət hissini unutmamış səlahiyyətli məmur (bəlkə də məmurlar) hələ də var. Və o məmur(lar) Abşeron RİH-nin üzərindən bu ləkəni tezliklə təmizləyəcək(lər). Sadəcə, ayıbdır....
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qlobal.az
 
Abşeron RİH-nin məktubu
 

 
Ulu Öndər Heydər Əliyevin sökülən posterinin əvvəlki görkəmi
 

 
Aydın görndüyümü kimi sökülən posterin yerində heç bir abadlıq, quruculuq işləri aparılmayıb. Əksinə arxa fona diqqət yetirsəniz qum-çınqıl bazarının maşınları aydın görünür.
 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook