SON XƏBƏR

ABŞ dünyanın enerji xəritəsini dəyişir

İyul 04
10:02 2017
Natiq Cəfərli: "Amerika istəsə, neft bazarının qara günləri başlayacaq...”
 
Dünya bazarında neftin qiyməti qalxa bilər. Səbəb isə ABŞ-da qazılan neft quyularının sayının azalmasıdır. Belə ki, 26-30 iyunu əhatə edən həftədə neft quyularının sayı 756-ya qədər geriləyib. Qazılan quyuların sayı barədə məlumat ABŞ-ın neft sənayesinin vəziyyəti və qısa dövr xam neft hasilatı haqqında göstərici qəbul edilir.
Məlumata görə, Amerikanın neft sənayesində bu həftə qazılan neft quyularından 2-sində işlər dayandırılıb. Beləliklə, 23 həftə ardıcıl artdıqdan sonra bu həftə qazılan quyuların sayı azalaraq 756-ya düşüb. Digər tərəfdən, yanvar ayında 522 olan qazılan quyuların sayı son 24 həftədə 45 faiz artıb. Bununla yanaşı, ötən həftə ABŞ-ın xam neft istehsalında kəskin azalma baş verib.

ABŞ Enerji İnformasiya İdarəsinin çərşənbə günü açıqladığı məlumatlara görə, ölkədə xam neft istehsalı keçən həftə gündəlik orta hesabla 100 min barellik azalma ilə 9,25 milyon barelə enib.

Mütəxəssislər ötən həftə xam neft qiymətlərinin kəskin düşməsinin ABŞ-da neft istehsalına mənfi təsir etdiyinə diqqəti çəkərək, qiymətlər 43 dollardan aşağı düşdüyü halda ölkədə hasilatın sərfəsiz olduğunu qeyd edirlər.

Ötən həftə ABŞ-da Qərbi Texas neftinin barel qiyməti 42,05 dollara qədər enərək, 2016-cı ilin avqust ayından bu yana ən aşağı səviyyəsini görmüşdü. Məlumatın açıqlanmasından sonra neft qiymətləri 1%-dən çox artıb. "Brent” neftinin qiyməti 48,10 dollara, Texas nefti isə 46,30 dollara qalxıb.

Qeyd edək ki, dünya bazarında neftin qiymətində artım qeydə alınıb. Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barelinin qiyməti 1,11 dollar bahalaşaraq 46,25 dollar təşkil edib. Londonun ICE birjasında "Brent” markalı neftin bir barelinin qiyməti isə 1,31 dollar artaraq 48,91 dollar olub.

ABŞ-ın neft bazarındakı rolunu qiymətləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bunun üçün "Brent” markalı neftin qiyməti ilə bağlı son həftələrdə baş verənlər və Amerikada hasilatın, quyuların sayının artım trendinə baxmaq daha doğru olar: "Ötən həftə, sadəcə, bir neft buruğu azaldı, bağlanan quyulardan digəri qaz quyusu idi. Azalma elə ciddi olmasa da, psixoloji olaraq bazarlara təsir göstərdi. Ay sonunda adətən neft bazarında spekulyasiya ilə məşğul olan şəxslər və şirkətlər həmişə özlərinin qısamüddətli quyularını bağlayırlar. Bu da qiymətlərə öz təsirini göstərir. Çünki onlar aylıq gəlirlərini götürməyə çalışırlar. Bu həftənin sonunda baş verən prosesin də əsas mahiyyəti bundan ibarətdir. Qlobal trenddə isə vəziyyət əksinədir, Amerikada neft quyularının sayı son 18 həftədə xeyli artıb. Son 1 ildə demək olar ki, iki dəfəyə yaxın artıb. Bu da dünya neft bazarına təsir edəcək amillərdən biridir. ABŞ-ın neft hasilatında da hər zaman artım olub. Yalnız ötən həftə hasilatda 100 min barel azalma qeydə alınıb. Buna da bəzi ştatlarda hava şəraiti ilə əlaqədar bəzi quyuların işləməməsi səbəb olub. Elə ona görə də bu həftənin sonunda qiymətlərə təsir edən amilə çevrilib. Qlobal trendi götürsək Amerika gündəlik neft hasilatını 8 milyon 600 min bareldən 9 milyon 400 min barelə qədər artırıb. Kanadada da hasilatın 400 min barel artımı müşahidə olunur. Amerika və Kanadanın neft sənayesini birgə dəyərləndirmək daha doğrudur. Çünki bir-biri ilə çox sıx bağlı olan və şirkətləri bir-birinin ərazisində fəaliyyət göstərən iki eyni iqtisadi zonadır. Enerji baxımından da Şimali Amerika və Kanada vahid zona kimi dəyərləndirilir. Ona görə də ”Brent" markalı neftdən əlavə, "WTI” nefti adlandırılan yüngül neft həm də Şimali Amerika nefti sayılır. Kanadada da son həftələrdə hasilatın artım tempi hiss olunur. Ona görə də qlobal trenddə bu, neft qiymətləri üçün heç də pozitiv bir mənzərə deyil".

İqtisadçının sözlərinə görə, OPEK daxilində də ciddi problemlər var: "Çünki Liviya və Nigeriya OPEK anlaşmasına qoşulmadı və son iki ayda iki ölkənin bir yerdə neft hasilatı az qala 800-900 min barelə çatdı. Liviyada isə daha ciddi artım müşahidə olundu. Son iki ayda hasilat 400 min bareldən 800 min barelə qədər artdı. Bu da qiymətlərə çox mənfi təsir edir. Bundan əlavə, dünyada neft qiymətlərinin perspektivini ölçmək üçün ən maraqlı indikatorlardan biri neft tankerlərinin dünyadakı xəritəsi, marşrutları və hansı neft tankerlərinin neçə müddət boşaldılmaması indikatordur. Bir neçə şirkət bunu izləyib. Son 1 ayda görünən mənzərə odur ki, tankerlərin böyük əksəriyyəti açıq dənizlərdə müştəri gözləyir. Tankerlərin doluluq səviyyəsi də kifayət qədər artıb. Bu da gələcəkdə neft qiymətləri ilə bağlı mənfi təsir formalaşdıran amillərdən biridir”.

N.Cəfərli vurğuladı ki, gələcəkdə neft qiymətinə müsbət təsir edəcək yeganə amil OPEK ölkələrinin yenidən anlaşmaya gedib, Rusiya ilə bir yerdə hasilatı daha da azaltması ola bilər: "Yaxın gələcəkdə neft qiymətlərini yuxarı çəkəcək başqa elə bir amil yoxdur. Ancaq OPEK daxilindəki ölkələrin müxtəlif yanaşmaları, strategiyaları var. Səudiyyə Ərəbistanı uzun zaman neft hasilatını azaldaraq bazarları itirmək istəmir. Çünki son anlaşmadan sonra ən çox neft hasilatını azaldan ölkə Səudiyyə oldu. Ona görə də inanmıram ki, OPEK ölkələri növbəti dəfə hasilatın azaldılması ilə bağlı anlaşmaya getsin. Bazardakı payını itirmək təhlükəsi də mövcuddur. Ötən həftənin neft bazarında trend yarada biləcək digər bir hadisə isə Trampın Energetika Nazirliyinin tədbirindəki çıxışı oldu. Amerikanın enerji müstəqilliyinin təmin olunması üçün layihələrin başlandığını elan etdi. Amerika bu gün də xaricdən, ərəb yarımadasından, Venesuelladan, Meksikadan orta hesabla 7,8 milyon barel neft alır. Trampın bu bəyanatı isə onu deməyə əsas verir ki, ABŞ neft hasilatını artıracaq. Çünki Tramp neft şirkətlərinə ciddi vergi endirimləri elan etdi. Əgər yaxın 2-3 ildə bu hədəflərə çatılsa, neft hasilatı 10 milyon bareli keçsə, bu, o deməkdir ki, xaricdən neft idxalı azalacaq. Amerika xaricdən neft idxalını azaltmağa başlasa, yaxın 5 ildə neft almaqdan imtina etsə, o zaman neft bazarının qara günləri başlayacaq. Çünki ABŞ dünyada ən çox neft istehlak edən ölkədir. Dünyada hasil edilən neftin təqribən 25 faizi onun payına düşür. Əgər bu istehlak daxili istehsal hesabına baş verəcəksə, nəticədə dünyada neft bolluğu yaranacaq, neftin strateji-siyasi əhəmiyyəti azalacaq və qiymətlər ucuzlaşacaq. Obama administrasiyası dənizdə və okeanlarda neft hasilatını qadağan etmişdi. Trampın daha bir qərarı isə bu qadağanın ləğvindən ibarət oldu. ABŞ-da okean və dənizlərdə, əsasən də Meksika körfəzində yeni yataqların işlənməsinə icazə verildi. Meksika və Kanada ilə yeni boru xəttinin çəkilməsi təsdiqləndi - hansı ki, Obama həmin xəttin çəkilməsini təsdiqləmirdi. Yəni Amerika dünyanın enerji xəritəsini dəyişməyə qərar verib. Yaxın 2-3 ildə bu hədəflərinə nail olsa, dünyanın enerji xəritəsində və qiymətlərdə çox ciddi dəyişikliklər olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook