SON XƏBƏR

ABŞ bütün ümidləri puça çıxardı

Dekabr 16
09:43 2016
Neftin qiymətləri neft hasil edən ölkələrin arzuladığı səviyyəyə yalnız ABŞ-ın istədiyi zaman çatacaq.
 
Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspertin sözlərinə görə, iki ilə yaxın idi ki, OPEK neftin qiymətlərinin artırılması məqsədilə hasilatı azaltmağa dair qərar qəbul etməyə ciddi cəhd göstərsə də, hər dəfə öncədən əldə edilən razılaşma müəmmalı bir şəkildə pozulurdu:
 
"Nəhayət ki, noyabrın 30-da OPEK neft hasilatının sutka ərzində 1,2 milyon barrel azaldılmasına dair qərar qəbul edə bildi. Bu qərardan sonrakı 10-12 gün ərzində dünya bazarlarında neftin qiymətləri 7-8 faizə qədər yüksəldi. Çoxları bundan sonra qiymətlərin qalxaraq 60-70 dollar arasında sabitləşəcəyini bildirsə də, bu, əslində, qərarın yaratdığı pisixoloji bir haldır. Çünki ABŞ bütün hallarda neftin qiymətlərinin artmasına yol verməyəcək və bu, baş verdi. Baha dolların neftin qiymətlərinə mənfi təsiri aşkar bir məsələdir. FES OPEK-in bu qərarına cavab olaraq baza faiz dərəcəsini yüksəltdi. Birləşmiş Ştatların Enerji Nazirliyi isə eyni gündə ölkənin neft ehtiyatlarının həcmi barəsində məlumatları dərc edərək bazardakı durumu kökündən dəyişə bildi. ABŞ-ın bir gün ərzində atdığı bu iki addımla dünya bazarlarında neftin qiymətləri 4 faiz ucuzlaşdı. Neftin qiymətləri ətrafında baş verən proseslərin siyasi motivlərlə idarə olunduğunu və OPEK-in hər hansı bir qərarının işləməyəcəyini dəfələrlə bildirmişik. Ona görə də neftin qiymətləri neft hasil edən ölkələrin arzuladığı səviyyəyə yalnız ABŞ-ın istədiyi zaman çatacaq. ABŞ-Rusiya qarşıdurması müstəvisindən baxanda isə bu məsələdə işıq ucu belə görünmür”.
 
Qeyd edək ki, OPEK-ə üzv ölkələr bundan öncə noyabrın 30-da gündəlik neft hasilatını 1,2 milyon barrel, OPEK üzvü olmayan ölkələr isə dekabrın 10-da Vyanada gündəlik neft hasilatının 600 min barrel azaldılması ilə bağlı razılığa gəliblər.
 
FES isə bu il üzrə dünən baş tutan sonuncu iclasında uçot dərəcəsini 0,50-0,75% artırıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook