SON XƏBƏR

“ABŞ Azərbaycanda sistemli islahatları təşviq edir” - Corc Kent

İyun 13
00:50 2019
İyunun 11-də Vaşinqtonda Azərbaycan hökumət nümayəndə heyətilə keçirilən müzakirələrin əsas mövzusu demokratik idarəetmə və vətəndaş cəmiyyəti, Dağlıq Qarabağda dinc nizamlanma, təhlükəsizlik və energetika sahəsində əməkdaşlıq olub.

Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Azərbaycan Prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev öz ölkəsinin cari xarici siyasi təşəbbüsləri, Qafqaz regionundakı qonşuları və Qərbdəki strateji tərəfdaşları ilə qarşılıqlı fəaliyyət planları haqda danışmaq üçün bu həftənin əvvəlində ABŞ paytaxtına gedib, Vaşinqtondakı mənbələr bildiriblər.

"Biz Azərbaycanla və Cənubi Qafqazdakı digər tərəfdaşlarımız ilə təhlükəsiz, demokratik, dinc və çiçəklənən, mənfi xarici təsirdən uzaq olan Qafqaz regionu üzrə fəal iş aparırıq", - Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Demokratiyaya gəlincə, ABŞ Azərbaycanda sistemli islahatlara doğru bütün addımları, əsasən qanunun aliliyi, insan hüquq və əsas azadlıqları sahəsində təşviq etməyə davam edir", - ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent çərşənbə axşamı Atlantika Şurasının təşkil etdiyi tədbirdə deyib.

"Hər iki sahə vacibdir və Azərbaycan xalqının xeyrinə olacaq, bizim əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq".

O əlavə edib ki, Vaşinqton Dağlıq Qarabağda dinc nizamlanmanı prioritet hesab edir.

"Biz əvvəlkitək Minsk Qrupu prosesinə sadiq qalırıq. Hesab edirik ki, bu münaqişənin həlli həm Azərbaycan, həm də Ermənistan üçün təhlükəsizliyə və çiçəklənməyə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır", - C.Kent qeyd edib.

O deyib ki, bu münaqişənin həllilə bağlı ABŞ-ın addımları əvvəlkitək güc tətbiq etməmək və güclə bağlı təhdidlərə yol verməmək, ərazi bütövlüyü, xalqların bərabər hüquqları və özünütəyinetmə hüququ prinsiplərinə əsaslanacaq.

Öz növbəsində Hikmət Hacıyev çıxışında Bakının xarici siyasətini "müstəqil, düşünülmüş, məntiqli" adlandırıb. O qeyd edib ki, Azərbaycan Çin, ABŞ və Aİ ilə yaxşı münasibətlər qura bilib.

Dağlıq Qarabağ nizamlanmasına gəlincə, o, "Ermənistan və Azərbaycan arasında dialoqun genişləndirilməsinin" vacibliyini qeyd edib. Əlavə edib ki, onun ölkəsi özünün "çiçəklənmə təcrübəsi"ni Ermənistanla "bölüşməyə" hazırdır, necə ki Gürcüstanla bunu edir, ancaq münaqişə nizamlandıqdan sonra.

Azərbaycanda daxili hadisələrdən danışan H.Hacıyev deyib ki, hazırda Azərbaycan prezidenti "ölkənin transformasiyası üçün strateji baxışa malikdir".

"Azərbaycanın dövlət xidməti sistemi dünyada ən yaxşılardan biridir", - o vurğulayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook