SON XƏBƏR

Ağbirçək ana Daxili İşlər nazirinə müraciət etdi: "Cənab nazir, xahiş edirəm 27 min manatımın dələduzlardan alınmasına köməklik edəsiniz"

İyul 25
10:00 2018
Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov cənablarına

Bakı şəhəri,  Sabunçu rayonu,  Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu 12-ci məhəllə, ev 14 ünvanında yaşayan 1952-ci ili təvəllüdlü Abbasova Tutu Muxtar qızı tərəfindən müraciət:

"Cənab nazir!

Hazırda həbsdə olan oğlum Abbasov Natiq Abbas oğlunu həbsdən azad etmək müqabilində səmimiyyət və savadsızlığımdan istifadə edərək bir qrup şəxs 27000 (iyirmi yeddi min) manatımı alaraq məni aldatmışlar.

Dəfələrlə bu barədə Sabunçu rayon Polis İdarəsinə şikayət məktubu ilə müraciət etsəm də, şikayətimə başdansovdu yanaşılır, məni get-gələ salırlar.

27000 manat dəyərində qohum-əqrabadan borc yığdığım pul mənimsəniləndən sonra 07.12.2017-ci il tarixdə Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət etdim, şikayətim araşdırılması üçün Sabunçu RPİ-nin 15-ci PB-nə göndərildi. Ancaq 20 gündən sonra müstəntiq, polis kapitanı Muxtar Muxtarov cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdi.

2018-ci ilin mart ayının 1-də Sabunçu rayon prokurorunun müavini Nazim Xudiyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilərək araşdırılmasının davam etdirilməsi üçün Sabunçu RPİ-nin İŞ-nə göndərildi və mart ayının 5-də material üzrə araşdırmanın davam etdirilməsi yenidən müstəntiq Muxtar Muxtarova həvalə edildi.

Araşdırma zamanı öz izahatımda göstərmişəm ki, oğlum Natiq Abbasov 15.11.2017-ci il tarixdə Bakı Ağıq cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Oğlum Bakı İstintaq Təcridxanasında İbrahimov Alim Əlisahib oğlu ilə tanış olmuşdur. Qeyd edim ki, İbrahimov Alim Əlisahib oğlu da Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunub. İbrahimov Alim oğlum Natiqlə söhbətləşən zaman bildirib ki, qayınatası Əliyev Rasim Qüdrət oğlunun yüksək vəzifələrdə tanışları var və Rasim Natiqə azadlığa buraxılmasına köməklik edə bilər. Alim oğluma demişdi ki, onun azadlığa buraxılması üçün 27000 manata yaxın pul lazımdır. Oğlum bunu mənə deyəndən sonra qohum-əqrabalarıma müraciət edərək borc pul axtarmağa başladım. Bundan sonra Alim mənə zəng vurdu ki, təcili 300 manat pul tap gətir ki, məhkəmə prosesini uzadaq, işi həll edək. 2017-ci ilin yanvar ayının 5-də Bakı istintaq Təcridxanasına gedərək 300 manatı təcridxananın işçilərinə verdim ki, Alimə versinlər. Sonra Alim mənimlə telefonla danışan zaman bildirdi ki, pulları düzəldim və o, bir nəfər tanışı taksi şoferi işləyən Şərif adlı şəxsi göndərəcək və həmin şəxs pulları məndən götürüb Alimin qayınatası Rasim adlı şəxsə aparacaq.

16 yanvar 2017-ci il tarixda Şərif adlı taksi sürücüsü yaşadığım evə gəldi və mən həyətdə 550 manat pulu Şərifə verdim. Şərif bildirdi ki, pulu Alimin qayınatası rasimə verəcək. Sabahı gün, yəni yanvarın 17-də "Koroğlu” metrostansiyasının yanında Şəriflə yenidən görüşüb Alimin qayınatasi Rasimə çatdırmaq üçün 650 manat pulu verdim.

Yanvarın 26-da Şərif yaşadığım binanın həyətin gəldi, yenə də Rasimə çatdırmaq üçün 700 manat pul verdim. 31 yanvar 2017-ci ildə saat 16 radələrində  Şərif yaşadığım binaya gəldi və binanın həyətində ona 3800 manat pul verdim.

Fevral ayının 9-da Nizami rayonu "Q.Qarayev” metrostansiyasının yanında Şəriflə görüşdüm, üzərimdə olan 2400 ABŞ dollarını "Əmrahbank”da milli valyutaya dəyişərək 4000 manatı Rasimə çatdırması üçün Şərifə verdim. Bundan sonra mart ayının 16-da Şərif yaşadığım evə gəldi və həyətdə 6000 manat pulu Rasimə çatdırması üçün Şərifə verdim. 18 mart 2017-ci il tarixdə yenidən yaşadıöım binanın həyətində Şərifə Rasimə çatdırması üçün 1000 manat verdim. Mart ayında Rasim yaşadığım evə gələrək bildirdi ki, Şərifdən göndərdiyim pulları alıb Natiqin tezliklə azadlığa buraxılmasına çalışır və tezliklə buna nail olacaqdır. Rasimə inandığımı dedim.

24 mart saat 15 radələrində Şərif yaşadığım evə gəldi və ona Rasimə çatdırması üçün 5000 manat verdim. Aprel ayının 1-də Şərif yenidən yaşadığı binaya gəldi, yenə də Rasimə çatdırması üçün 1100 manat verdim. Sonuncu dəfə aprel ayının 6-da 3800 manat pulu yaşadığım evin həyətində Şərifə verdim ki, aparıb Rasimə versin.

Bundan sonra oğlum Natiq Alimdən işin nəticəsi barədə soruşduqda Alimlə aralarında mübahisə baş vermişdir. Oğlum mənə zəng edərək Alimin bizi aldatdığını dedi. Bundan sonra Rasimə zəng etdim, məni aldatdığını dedim, mübahisəmiz düşdü. 2017-ci ilin may ayında Rasim yaşadığım evə gəldi və 6000 manat pulu qaytardı, dedi ki, oğlumun azadlığa çıxması üçün köməklik edə bilmir. Rasimin bu sözündən sonra aldadıldılğımı görüb şikayət etdim.

Ancaq şikayətimdən 1 ildən artıq vaxt keçməyinə baxmayaraq Sabunçu PRİ məni süründürməçiliyə məruz qoyub. Ortada pul alan adamlarının etirafları və açıq-aşkar dələduzluq faktı ola-ola nə pulumu alıb qaytarmırlar, nə də məni aldadan şəxslərə cinayət işi açmırlar.

Cənab nazir aşağıda istintaq materiallarından məni aldadan şəxslərin izahatı ilə Sizi tanış edirəm:

Əliyev Rasim Qüdrət oğlunun izahatı

İbrahimov Alim Əlisahib oğlum mənim kürəkənimdir. Belə ki, Alim İbrahimov 2009-cu il tarixdə qızım Pərvin İbrahimova ilə ailə həyatı qurubdur. Birgə nikahdan 2 övladları var. Alim Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmiş və 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2017-ci ilin yanvar, fevral aylarında Alim saxlanıldığı istintaq təcridxanasından mənə zəng edərək bildirdi ki, Şərif adlı taksi sürücüsü mənə zəng edəcək və pul verəcək. Və mən həmin pulları Alimin borclu olduğu şəxslərə ödəməliyəm. Mən də Alimə dedim ki, kömək edə bilərəm. Bundan bir neçə gün sonra Şərif mənə zəng vurdu, dedi ki, Alimin tanışıdı və onda mənə çatası 700 manat pul var. Pulu mənə poçt vasitəsi ilə göndərdi. Həmin pula müəyyən ərzaqlar və əşyalar alıb istintaq təcridxanasına, Alimə göndrdim. Bundan sonra Şərfi yenə mənə zəng vurdu dedi ki, bir nəfər ona 6000 manat pul verib və Alim ondan xahiş edib ki, pulu mənə çatdırsın. Mən də Şərifə dedim ki, Şirvan şəhərində yaşadığım evdəyəm, Şərif pulu taksi ilə göndərdi. Pulu özümdə saxladım ki, Alim hara desə ora verim. 2017-ci ilin mart ayının axırlarında Şərif mənə yenidən zəng vurub dedi ki, Alimə çatacaq pul var onda. Bakıda Dənizkənarı Bulvarın yanında Şəriflə görüşdüm, həmin vaxt Alimin qardaşı Babaş da orada idi. Görüşdə Şərif mənə 5000 manat pul verdi. O pulu da özümdə saxladım. Alim mənə zəng etdi, ona Şərifdən pulu götürdüyümü dedim. Alim isə bildirdi ki, o özü deyəcək zərərçəkən şəxslərə pulları ödəyərsiniz. Aprel ayının 3-də Alim mənimlə telefonla danışaraq dedi ki, cinayət işində zərərçəkən şəxs olan İbrahimov Fikrət Vəli oğluna dəymiş zərəri ödəmək lazımdır. Həmin vaxt Şərif məni və Alimin qardaşı Babaşı Xətai rayonuna apardı və orada Fikrət İbrahimovla görüşdük. Şərifin mənə verdiyi ümumilikdə 11000 manat pulun 8000 manatını Fikrət İbrahimova verdim və Fikrət notariusda dəymiş ziyanın ödənilməsi barədə ərizə yazdı. 500 manat pulu da Alimin qardaşı Babaşa verdim. 2017-ci ilin aprel ayının əvvəllərində Şərif mənə zəng vuraraq yenə də bir nəfər şəxsdən 3200 manat və 300 dollar aldığını və həmin pulun mənə çatmalı olduğunu dedi. Şirvan şəhərində həmin pulu taksidən götürdüm. Alimlə danışdım, dedi ki, pulu saxla, bir nəfər gəlib məndən götürəcək. Alim sonra mənə zəng vuraraq dedi ki, Şərifin mənə verdiyi pullar Tutu adlı qadına məxsusdur. Tutunun oğlu Natiq adlı şəxslə birlikdə təcridxanada saxlanılır. Alim mənə dedi ki, pulu qaytarmaq lazımdır və mən ümumilikdə 6200 manatı Tutuya qaytardım. Tutu ilə görüşüb söhbət edən zaman Tutu mənə dedi ki, Alim oğlu Natiqlə razılaşmır. Bundan sonra bildim ki, Şərifin mənə verdiyi 14900 manat və 300 dollar nə üçün verilmişdir".

Möhtərəm nazir!

Sizdən son dərəcə xahiş edirəm mənim şikayətimin obyektiv araşdırılması üçün Sabunçu RPİ-nə tapşırıq verəsiniz.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook