SON XƏBƏR

70 ilin xarabalığında cücərən demokratiya fidanları

Avqust 08
18:54 2020
Belarusda seçkilər və yoldaş Zahid Oruc haqqında bir neçə kəlmə

Belarusda seçki ərəfəsi Rusiya ilə təhlükəli həddə çatan qarşılıqlı ittihamlar siyasi gündəmi zəbt edib. Finişə az qalmış hər iki dövlət başçısının barış elan etmiş kimi görünməsinə baxmayaraq, aydındır ki, bu xəmir hələ çox su aparacaq. Postsovet məkanında illərdir liderliyini imperialist siyasəti ilə qorumağa çalışan Rusiya ilə bağlı çoxlu suallar olsa da, bu gün bir mühüm sual hamını düşündürür - Bu gün Rusiya hansı gücün sahibidir və nə qədər təhlükəlidir?

Belarus ardı-ardına tutulan sabotajçıların və hərbi qulluqçuların açıq-aydın Rusiya kəşfiyyatına aid olması haqda bəyanatlar verdi. Rusiya isə bu sabotaj hadisələrini rəsmi Kiyevin ayağına yazmağa cəhd göstərdi. Bunun ardından sərhəddə hər iki tərəfin hərbi təlimlər keçirməyə başlaması vəziyyətin getdikcə qanlı münaqişəyə çevrilmək ehtimalından xəbər verir. Diqqətli oxucu xatırlayar ki, bir neçə il öncə ruslar gözlərini qırpmadan Ukraynada slavyan qanı tökdülər. Hətta Krımı de-fakto işğal etdilər.

Konstitusiyaya dəyişikliklər edilən zaman Putinin postsovet respublikalarına ərazi iddiası ilə dolu hədələrinə də Lukaşenkonun dərhal verilən cavabı tarixi baxımdan düzgün, siyasi baxımdan sərt oldu.

Lakin Rusiyanın ərazi sərsəmləmələri yeni ərazi münaqişələrinin qızışacağına işarə idi, bunu şimal qonşumuz yaxşı bacarır və Məşədi İbad demişkən, çox təcrübədən keçiribdir. Yəni, seçki ərəfəsi Belarusda baş verənlər Lukaşenkonun çoxdan gözlədiyi həmlə idi. Ukrayna, özünün cəmi bir neçə il öncə Rusiyadan tamamən qopma istəyinə dərhal qanlı cavab aldı.

Ukraynadan sonra gələn hədəf növbəti slavyan ölkəsi olan Belarus idi. "Batka” üçün Ukrayna ssenarisi tanışdır və bir dərsdir. Necə deyərlər, kimdən öyrənmisən? - gözü çıxmış qardaşımdan və qonşumdan. Bu səbəbdən də Lukoşenko seçkiyə 2 gün qalmış paralel olaraq diplomatik bacarığından da lazımınca istifadə etməyə çalışdı. Lakin seçkidən sonra Belarus - Rusiya münasibətləri kritik görünür...

Rusların son imperatorluğu olan sovetlərin süqutundan sonra 15 respublikanın mövcud durumuna nəzər yetirək. Üç Baltikyanı respublika - Latviya, Litva, Estoniya dərhal bir hissəsi olduqları Avropa ittifaqına qəbul edildilər. Qurumun digər üç slavyan ölkəsindən ikincisi olan Ukraynanın Avropaya götürdüyü siyasi kurs o qədər dəqiq və prinsipial oldu ki, bu slavyan qardaşından tamamilə əli üzülən Rusiyanın ənənəvi torpaq şantajı belə, Ukraynanı Qərbə və dolayısı ilə demokratiyaya doğru üz tutduğu yoldan sapdırmadı. Belarusun da seçkidən sonra Rusiya ilə uğurla vidalaşması prosesi Rusiyanın faktiki olaraq Avropada siyasi olaraq bitməsidir. İttifaqda öz soyundan olan üç dövlətdən ikisinin dəstəyindən tamamilə məhrum olan Rusiyanın bizə dil və din baxımdan yaxın olan Orta Asiya və Qazaxıstandakı mövcud durumuna da nəzər salaq. Bu 5 dövlətin 3-ü həm Qərbə, həm türk dünyasına açılmaqdadır. Burada bir Tacikistan, bir də Türkmənistan var ki, onlarla da münasibətdə Rusiyanın artıq əvvəlki nüfuzundan danışmaq olmaz. Özbəkistanda rüşvətxor və diktator Kərimovdan sonra Mirzoyevin Qərbə və Türkiyəyə meyillənməsi açıq-aşkar görünür. Kərimovun Turan xofu və Türkiyəyə düşmən mövqe sərgiləməsi Özbəkistan kimi maddi sərvətlərlə zəngin bir ölkənin illərdir iqtisadi cəhətdən geridə qalmasına səbəb oldu.

Şübhəsiz ki, Nazarbayevin ağıllı şəkildə Rusiya ilə apardığı siyasət təqdirə layiqdir. Əhalisinin böyük hissəsini rusların təşkil etdiyi Almaatı şəhərindən paytaxtın yeni salınmış Astanaya köçürülməsi məhz bu ağıllı siyasətin tərkib hissəsi idi. Kərimovdan fərqli olaraq, Nazarbayevdə nəinki Turan xofu yox idi, tam əksinə, qardaş qazaxlar bu yolda elmi, siyasi cəhətdən güclü maariflənmə işləri aparırlar. Əlbəttə, Nazarbayevin Qazaxıstanı Rusiya kursundan birdən-birə döndərməsi mümkün deyildi. Birincisi, Qazaxıstan əhalisinin böyük bir hissəsini ruslar təşkil edir. Bu, böyük bir təhdiddir. İkincisi, Qazaxıstanın qonşularının hamısı o dövrdə Rusiyanın tam nəzarəti altında idi. Usta və peşəkar Nazarbayevin səbrlə gözləməsi öz nəticəsini verdi. Qazaxıstanın müstəqil dil siyasəti və latın əlifbasına keçidi gec də olsa, öz sözünü dedi.

Yavaş-yavaş Özbəkistan və Qırğızıstan Rusiyadan aralanırlar. Bu, Qazaxıstan üçün də avantajdır. Deməli, Orta Asiyada və Qazaxıstanda da Rusiya mövqelərini tamamən itirməkdə və zəifləməkdədir.

Yerdə qalır Qafqaz ölkələri və Moldova. Rumınlarla etnik bağlılığı və Dnepropetrovsk problemi onsuz da Moldovanı Rusiyadan çoxdan ayırıb.

Qafqaz üçlüyünə daxil olan Gürcüstan haqqında isə məncə, çox uzun yazmağa ehtiyac yoxdur. Gürcüstan çoxdan Qərbə doğru yolunu seçib və hətta Avropanın turizm ölkələrindən birinə çevrilməyi bacarıb. Doğrudur, Gürcüstanda da Rusiya Ukraynadakı kimi torpaq davası, vətəndaş müharibəsi törətməyə qalxdı, amma Qərbin Gürcüstan üçün biçdiyi yeni siyasi lider Saakaşvili meydanda liderliyi ələ ala bildi. Demokratikləşmə həm də Gürcüstanın illərdir alışdığı rüşvət və korrupsiya bataqlığından çıxması idi. Bütün diktatura və Rusiya meyilli hakimiyyətlərin üz qabığı olan və cəmiyyəti bataqlığa çevirən rüşvət Gürcüstanda sıfır səviyyəyə endi. Qanunlar qüvvəyə mindi. Əlbəttə, Rusiya dərhal qanlı həmlələr etməyə qalxdı. Hətta Tiflisə hücum belə etməyə cəhd göstərdi, lakin bu dəfə Qərb onu yerində oturtmağı bacardı. Bəli, Qərb Rusiyanın birbaşa və ya dolayısı ilə burada torpaq oyunlarına göz yuma bilər, lakin bir ölkənin işğalından söhbət gedə bilməz.

Azərbaycanda Qarabağ, Gürcüstanda Osetiya, Abxaziya kimi qanayan yaralar, Moldovada Dnepropetrovsk çibanı Ukraynada Krıma çevrildi. Ərazilər fərqli, oyun eyni. Vaxtilə 1992-93-cü illərdə Ermənistan ümumi Qafqaz evinin yaranması ideyasına xəyanət etməsə idi, indi Rusiya bu torpaqlardan çoxdan uzaqda idi.

Çünki Qafqaz evinin yaranmasının əsas şərtlərindən biri bu idi ki, buraya daxil olan hər bir Qafqaz ölkəsi bir-birinə olan ərazi iddiasından əl çəkməli və silahlı münaqişələrə son verilməliydi. Rusiyanı burada saxlayan bütün silahlı və qanlı münaqişələr sona ərsəydi, Rusiya burada qala bilməzdi.

Qafqaz evi Rusiyaya qarşı deyildi, Qafqaz evi Qafqaz ölkələrinin müqəddəratını birdəfəlik həll etmək üçün idi. Hər kəs bunu yaxşı bilirdi. Rusiya iştirak etdiyi bütün silahlı münaqişələrdə qan davasına səbəb olacaq soyqırımları törədir ki, barışa yol qalmasın. Xocalı soyqırımını törədən əsas tərəfin Rusiya olması faktlardan biridir. Qafqaz evinin baş tutmaması Ermənistanın sayəsində idi, çünki Qafqazda daim Rusiyanın cinayət aləti ermənilər olub.

Yeri gəlmişkən, Yoldaş Zahid Orucun mediada yeni bir məqaləsi də çıxıb və orada bir çox siyasi səhvlərə, təhriflərə yol verilib ki, bunlardan biri də Qafqaz Evi ilə bağlıdır. Təsadüfi də olsa, bu məqalənin yazılması ilə Zahid Orucun kəmsavad və Rusiya sevdalı yeni bir yazısı üst-üstə düşdü.

Deputat yoldaşa keçən dəfə lazımi cavabı versək də, görünür, yaxşı dərs çıxarmadı. Və ya DƏRS ÇIXARMADILAR...

Milli maraqlara xəyanət və Rusiya meyilləri hələ bu regionda çox izlənəcək. Ancaq düşünürəm ki, biz artıq ayının son oyunlarına tamaşa edirik. Bu durumu Rusiya da görür. Görür ki, bütün postsovet ölkələri əllərindəki resursları birləşdirib Rusiyadan qopmağa çalışır və qopur.

Təbii ki, Rusiya dövlətinin strateqləri heç bir zaman boş durmurlar. Keçmiş sovetdən əllərində qalan bir tək Ermənistanla Azərbaycanda mövqelərini daim möhkəmləndirmək istəyirlər. Bu üzdən zaman-zaman Rusiya maşaları öz savadsız yazıları ilə dişlərini qıcayıb hücuma keçirlər. Bütün ölkələr resurslarını birləşdirib Rusiyadan qopmağa çalışdığı vaxt bizim yoldaş Zahid Rusiyayla daha sıx qol-boyun olmamızın resursların tapmağa çalışır. Qafqaz Evi ilə bağlı Şevarnadzenin adından, hansı mənbəyə əsaslanaraq danışmağı isə ümumiyyətlə absurddur.

Yoldaş deputat İddia edir ki, Şevarnadze Prezident Elçibəyin dəvəti ilə Bakıda Qafqaz Evi ideyasına qarşı çıxıb, çünki hesab edirmiş ki, bu Rusiyaya qarşı bir ittifaqdır. Hansı mənbəyə əsasən sabiq gürcü siyasi liderin adından danışırsız? Bəlkə siz də o zaman 4-cü mərtəbədə idiniz? Mətləbi çox uzatmadan Prezident Elçibəyin köməkçisi işləmiş hörmətli Oktay Qasımovdan bu məsələyə aydınlıq gətirməsini rica edirəm. Dünyasını dəyişmiş adamların adından siyasi alver eləmək əslində çox əlverişli olsa da, siyasi etikadan uzaqdır. Gərçi qanana...

Ikinci bir yalan: guya Şevarnadze deyib ki, Heydər Əliyevdən sonra məsləhətləşməli adam qalmadı. Bu nə məntiqdir? Nə demək istəyirsən bununla? Bu lap keçmiş Bakı merinin "Azərbaycanda bir kişi var, o da İlham Əliyev!” deməsinə bənzəyir. Yaxşı, axı Şevarnadze bu kəlmələri deyərkən, öncə baş nazir, daha sonra Prezident seçilən İlham Əliyev atasının başladığı kursu hakimiyyətə gələrək davam etdirirdi. Sevarnadze 2000-ci ilin noyabr ayında hakimiyyətdən getsə də, hər zaman rəsmi Bakı ilə sağlam münasibətləri olub.

Onun xatirələrində Heydər Əliyevlə bağlı sadəcə sovet dövrü və bir də Ata Əliyevin dünyasını dəyişərkən telefonla etdikləri söhbət var. "Eduard, bizim xalqlarımız arasındakı dostluq münasibətini qoru!” - vəssalam...

Yəni, ya bu şəhərləri, ya tarixi ardıcıllığı, ya da prezidentləri qarışdırmaqla elə yəqin Azərbaycanın yox, Rusiyanın marağından çıxış etməyi də qarışdırmısan…

Nə qədər manqurt olmalısan ki, Sovet imperiyasının dağılmasını böyük ürək ağrısı ilə yazaraq müstəqil dövlətlərin yaranmasını Sovetin yığdığı sərvətin dağılması kimi qələmə verəsən.

Bu yoldaş bütün milli maraqları üstün tutan şəxsləri avantürist adlandırır və xəyalən özünü Axundovun fikir davamçısı elan edir, hansı səbəbdənsə əks tərəfi Axundova qarşı sayğısızlıqda ittiham edir...

O Axundov ki, Rusiya canişini ola-ola, gerilik səbəbi olan ərəb əlifbasının kirilə deyil, latın əlifbasına dəyişdirilməsinin ömrü boyu mücadiləsini apardı. Axundov yaşadığı ömür boyunca əlifba dəyişikliyi görmədi, amma mücadiləsindən də əl çəkmədi. Zaman keçdi, Axundovun idealları gerçəkləşdi. Axundovun siyasi və fikir davamçıları məhz 1-ci və 2-ci cümhuriyyəti quranlardır. Axundov Rusiya sevdalısı deyildi, sadəcə zamanın şərtlərinə görə bizi farsın cəhalətindən qoparıb Qərbə götürəcək yolun Rusiyadan keçdiyini düşünürdü. Müasirləşməyimizi istəyirdi ki, bayrağımızın 2-ci rəngində bu ideya öz əksini tapıb. Lakin Rusiya çarizmi Axundovdan fərqli düşqnürdü - bizi Şərqin cəhalətindən qurtarmaq istəmirdi, çunki özünün imperialist siyasətinə uyğun deyildi...

Qısası, əziz oxucu, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir şəxs kimi və gələcəkdə ölkədə yer almaq istəyən bir siyasi partiya təşəbbüsçüsü kimi tamamən bu qənaətdəyəm ki, bizim Rusiya da daxil olmaqla bütün qonşularımızla normal və sağlam münasibətlərimiz olmalıdır.

Rusiyanı düşmən görmək istəmirik, mütləq halda şimal qonşumuzla dostluq münasibətləri qurulmalıdır. Lakin bu, münaqişə ocaqları yaradıb oraya ayı kimi soxulan və hər kəsi əzməyə hazır olan bir Rusiya deyil, başqa dövlətlərə hörmətlə yanaşan, imperialist hərisliyindən əl çəkən, demokratik Rusiya olmalıdır ki, biz məhz bu Rusiya ilə dost olaq.

Bəlkə də bizim yazılardan bəzi insanlarımız təşvişə düşür ki, biz Rusiya ilə düşmənlik toxumu səpirik - qətiyyən bu fikirdən uzağıq. Məqsəd burda həm Rusiya xofunun yersiz şişirdilməsini, qorxulu olmadığını, bizimlə eyni taleyi yaşamış dövlətlərin torpaq itkisi bahasına da olsa, öz müstəqilliklərini qoruduqlarını və tamamən Rusiyadan qopduğunu faktlarla sıralayıb real durumu sizlərə çatdırmaq idi. Bəlkə xəyalı keçmişdə ilişib qalan yoldaşlar Rusiya ilə bağlı resurslar görür, biz bu resursları nə hazırkı durumda, nə də tarixdə görə bilirik... Tarixdən dərs alaq - tarixi təkrarlamağımızın səbəbi budur. Gülüstan, Türkmənçay, 27 aprel 1920-ci il işğalı, 70 illik əsarət, Xocalı soyqırımı, daim ermənilərdən bizə qarşı alət kimi istifadə edilməsi, torpaq iddiaları və daha çox sayda tarixi faktlar bizi məcbur edir ki, Rusiya ilə münasibətlərdə ehtiyatı əldən verməyək, bir millət olaraq dik dayanaq və Azadlığımızı qoruyaq!

Bir millət olaraq genetikamızdan gələn tolerantlıq, qonşuya xoşgörü münasibət bizi onsuz da heç bir vaxt heç bir millətlə əbədi düşmən edə bilməz. Azərbaycan müstəqil olduqdan sonra "cəbhəkratiya” adlandırdığın dövrdə belə, ən güclü iqtisadi-ticari əlaqələr Rusiya ilə quruldu. Nə oldu Rusiyanın Azərbaycana münasibəti?

Bir həqiqəti qəbul edək ki, Azərbaycanın səadəti və rifahı həm də postsovet ölkələrinin Rusiya da daxil olmaqla, hər birində tam müstəqillik və demokratikləşmə prosesinin olmasından keçir. Bu üzdən sabahkı Belarus seçkilərinə böyük ümid ilə yanaşırıq ki, bu postsovet ölkəsi də Avropaya və Qərbə doğru sapmayan bir yol alacaqdır.

Biz bolşeviklərdən bizə miras qalan və sovetin "sərvəti” sayılan partokratiya, rüşvətxorluq, korrupsiya, yerlibazlıq, şiddət, təhqir, siyasi dözümsüzlük, avtoritarizm çirkabından birgə çıxmalıyıq. Tarix gerçəkliyin köküdür. Hər ölkənin bu günü və sabahı dünənindən gəlir. Gələcəyimizin hara varacağını təxmin etmək üçün dünənimizi dəqiq bilməli və insanlarımızla paylaşmalıyıq.

Tarixini bilməyənlər isə quyruqda yalanmaqdan başqa bir şey bilməzlər.

Daim quyruqda yalananlar isə Yüksələ bilməz!
 
Anar Əsədli
 
Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin sədri
 
Qeyd: Yazı müəllifin facebook səhifəsindən əldə edilib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook