SON XƏBƏR

69 yaşlı general niyə təqaüdə göndərilmir? – Yol polisindəki problemlər

Sentyabr 08
14:52 2020
Deputat Razi Nurullayevin yol polislərinin fəaliyyətini tənqid etməsi yenidən diqqəti bu sahədəki nöqsanlara yönəldib. 

Yenisabah.az xatırladır ki, Razi Nurullayev yol polislərinin bir deputat olaraq ona qarşı hörmətsilzik etdiyini bildirib.
 
"Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? Bandit qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır. Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir. Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu”, - deyə deputat vurğulayıb. 

Azərbaycanda yol polislərinin fəaliyyətini daim tənqid olunub. Yol polislərinin vətəndaşlarla kobud rəftarı, xidməti fəaliyyətlərini biznesə çevirmələri, sürücələrə haqsız cərimələr yazması barədə mətbuatda dəfələrlə yazılıb. Lakin ciddi nəticə olmayıb. Zaman-zaman bu sahədə müəyyən addımlar atılsa da, nöqsanları əhəmiyyətli dərəcədə aradan qaldırmaq mümkün olmayıb.

Vilayət Eyvazov Daxili İşlər naziri təyin olunandan cəmiyyət xüsusilə Baş Dövlət Yol Polisində müsbətə doğru dəyişikliklərin ediləcəyini gözləyirdi. İnsafən, bəzi addımlar atıldı, vətəndaşları narazı kadrlar əvəzləndi, rüşvətin qarşısı müəyyən qədər alındı. 

Amma sonradan proses dayandı. Yol polisləri yenə də ənənəvi qaydada fəaliyyət göstərməyə başladılar və daha çox narazılıq yaradan struktura çevrildilər. Hətta onların nüfuzunu qaldırmaq üçün polislər tərəfindən hamilə qadını xəstəxanaya çatdırmaları, isti havada sürücülərə su paylamaları və s. bu kimi xeyirxah əməllərin əks olunduğu videoçarxlar da yol polislərinə mənfi münasibəti dəyişmədi.

Bu gün yol polisində olan problemlər Baş Dövlət Yol Polisinin rəisi, general-mayor Ramiz Zeynalovun adı ilə bağlıdır. O, 1994-cü ildən bu sahəyə rəhbərlik edir. 26 illik fəaliyyəti dövründə daim tənqid hədəfi olub. Lakin hansısa səbəbdən Ramiz Zeynalovu yerindən təpətmək mümkün olmayıb. 

Vilayət Eyvazov nazir təyin ediləndə nəhayət Ramiz Zeynalovun karyerasına son qoyulacağı gözlənilirdi. Bunun üçün əsas da var idi. 2018-ci ildən start götürən islahatların fonunda 69 yaşı olan Ramiz Zeynalovun da karyerasına son qoyula bilərdi. Daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə görə Ramiz Zeynaovun karyerası 60 yaşında bitməli idi. Lakin gözləntilər özünü doğrultmadı. 

26 ildir yol polisinə rəbərlik edən Ramiz Zeynalov deyəsən vəzifədə qalma müddətinə görə "Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook