25 illik krallığın sonu – Yol polisindəki bazar bağlanır
İyun 29
10:20
2019
Azərbaycanın ən korrupsiyalaşmış dövlət qurumlarının siyahısında illərdir ön sıralarda duran Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ), nəhayət, ciddi dəyişikliklər gözlənilir.
25 ildən artıqdır – 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini tutan general-mayor Ramiz Zeynalovun, həmçinin 9 ildir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi vəzifəsində işləyən polkovnik Nuşirəvan Səfərovun istefaya göndəriləcəkləri gözlənilir.
"Yeni Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu şəxslərlə işləmək istəyəcəyi ehtimalı demək olar ki, yoxdur”, – məlumatlı mötəbər mənbə "AzPolitika”-ya bildirib.
Əslində, qanunun birmənalı tələbindən sonra DYP rəhbərliyində dəyişiklikləri zəruri edən digər səbəblər haqda danışmamaq da olar, amma belə səbəblər də yetərincədir. Onlardan üçünə nəzər salaq.
Əvvəla, məhz bu rəhbərliyin zamanında DYP ictimai rəydəki nüfuzunu sonadək xərcləyib, ölkənin ən nüfuzsuz və korrupsiyalaşmış dövlət qurumlarından biri kimi ad çıxarıb. Bu orqanda rüşvət ən adi həyat normasına çevrilib – vəziyyət o həddə çatıb ki, radikal dəyişikliklər olmasa, cəmiyyətin DYP-yə münasibətini müsbətə doğru dəyişmək faktiki olaraq mümkünsüz hala gəlib. Belə olduqda DYP-nin rəhbərliyini dəyişmədən yeni nazirin təyinatdan dərhal sonra elan etdiyi polisi insanların güvənc yerinə çevirmək proritetinin də həyata keçməsi çətin məsələ olar.
İkincisi, Ramiz Zeynalov 25 illik stajla çox böyük ehtimalla hazırda Azərbaycanda fasiləsiz eyni vəzifəni tutan ən uzunömürlü məmurdur. Əgər ölkədə 25 illik Daxili İşlər nazirini dəyişmək zərurəti hiss edilirsə, 25 illik BDYP rəisinin qanuna zidd şəkildə bu vəzifədə saxlanacağını düşünmək heç bir məntiqə sığmır.
Üçüncüsü, məlumatlı mənbələrin dediyinə görə, Vilayət Eyvazovla Ramiz Zeynalovun şəxsi münasibətlərində də, yumşaq desək, müəyyən problemlər olub. Bu səbəbdən R.Zeynalovun sərt xarakterli yeni nazirin komandasında qala bilmək şansı çox aşağı qiymətləndirilir. Bu faktorun R.Zeynalovun ən yaxın adamlarından biri hesab olunan, bu yaxınlığa görə bəzən hətta bəzi yuxarı instansiyalarla hesablaşmamaq xəttini tutmaqdan çəkinməyən N.Səfərovun da bundan sonrakı taleyinə ciddi təsir göstərəcəyi şübhə doğurmur.
Fikrimizcə, bütün bunlar deməyə əsas verir ki, DYP-də Ramiz Zeynalov erasının bitməsinə çox az qalıb.
Nəhayət, bu qurumun irili-xırdalı korrupsionerlərdən, nömrə, sürücülük vəsiqəsi alverçilərindən, dövlət idarəsini bazara çevirmək hesabına poqonlu oliqarxa çevrilənlərdən, qısası, mafioz qruplaşmalardan təmizlənəcəyinə çox böyük inam yaranıb. Gürcüstan tipli sivil, rüşvətdən uzaq, məqsədi həqiqətən də yol hərəkətinin tənzimlənməsi olan və cəmiyyətin rəğbətlə yanaşdığı DYP sisteminin sil-başdan yaradılmasının vaxtı çoxdan çatıb.
Qlobal.az