SON XƏBƏR

160 minlik tenderin qalibi “aztəminatlı” Güləliyevlər kimdir?

Yanvar 19
22:04 2017
Azərbaycanın dövlət qurumlarında alqı-satqılar zamanı qanunverciliyin pozulması halları ilə bağlı araşdırmamız davam edir. 

AFN-in bu istiqamətdə növbəti araşdırması zamanı olduqca ilginc faktlar ortaya çıxıb. Belə ki, 2015-ci ildə Şabran, Qazax və Saatlı rayonlarında keçirilən tenderlərdə fiziki şəxs Güləliyev Samir və Quliyev Elnur Sirəcəddin oğlanları 160 min manatdan çox dəyərində layihələr udublar. Layihələr Səhiyyə, Mədəniyyət və Turizm, eləcə də Təhsil nazirliklərinin tenderlərinə aiddir. Güləliyevlərin hər ikisi Şabran rayonu Nizami küçəsi 16-da qeydiyyatdadırlar. Bu isə onların qardaş olmasının sübutudur. 

Durumu qeyri-adi edən məsələlərdən biri onların qalib gəldiyi layihələrin ən müxtəlif sahələri əhatə etməsidir. Səhiyyə Nazirliyi tərəfindən Saatlı rayon Mərkəzi Xəstəxanasına Digər maşın və avadanlıqların satın alınması, Qazax Müalicə Diaqnostika Mərkəzinə Mətbəə xərcləri üzrə satınalmalar, Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması, İnventarın satın alınması, Dəftərxana və təsərrüfat xərcləri üzrə satınalmalar, İdarənin digər xərcləri üzrə satınalmalar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şabran şəhəri Tarixi-Mədəniyyət Qoruğuna Digər maşın və avadanlıqların satın alınması, Təhsil Nazirliyi tərəfindən Şabran Rayon Təhsil Şöbəsinə Azqiymətli avadanlıqların satın alınması, İstilik sistemlərinin cari təmiri mallarının satın alınması, Cari təmir mallarının satın alınması, Dəftərxana və təsərrüfat mallarının satın alınması kimi layihələr göründüyü kimi, o qədər də oxşarlıq təşkil etmir. 

Araşdırmalarımız nəticəsində ortaya çıxan daha bir ilginc fakt Güləliyevlərin adlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reyestrində ünvanlı sosial yardım alanların siyahısında olmasıdır. Güləliyev Samir Sirəcəddin oğlu və Güləliyev Elnur Sirəcəddin oğlu 2016-2018 illər üçün ünvanlı sosial yardım təyin edilmiş vətəndaşların siyahısındadır. Bu isə yuxarıda qeyd edilən tender əməliyyatlarını şübhəli edən ciddi faktdır. 

Ola bilsin ki, qardaşlar həqiqətən də aztəminatlı təbəqəni təmsil edirlər və onlar adlarına VÖEN açılaraq özlərindən xəbərsiz tender əməliyyatlarına cəlb ediliblər. Başqa bir variant isə ƏƏSMN-in yerli şöbəsi tərəfindən saxtakarlığa yol verilməsidir. Bu ehtimallar hazırda saytımız tərəfindən araşdırılmaqdadır. 

Vergilər Nazirliyinin elektron bazasından hər iki şəxsin adına olan VÖEN nömrəsini götürüb həmin VÖEN üzrə vergi borclarının olub-olmaması ilə də maraqlandıq. Məlum oldu ki, onların dövlət büdcəsinə heç bir borcu yoxdur.

Məsələ ilə bağlı adları çəkilən şəxslərin və aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
 
(AFN.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook