SON XƏBƏR

14 saylı dairədə deputat seçkisi olacaqmı?

Mart 30
10:29 2017
Bir aya yaxındır deputatsız olan dairədən YAP-ın namizədi hələ bəlli deyil

Birinci vitse-prezident Mehriban Əliyevanın deputat mandatının ləğvi üçün müraciətinə Mərkəzi Seçki Komissiyasının müsbət cavab verməsindən sonra 14 saylı Xəzər seçki dairəsi martın 6-dan deputatsızdır.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə M.Əliyeva birinci vitse-prezident vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə maksimum 2 ay müddətində baxıb deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.
Mehriban Əliyeva da konstitusiyanın tələbinə uyğun addım ataraq deputat mandatının ləğvi üçün MSK-ya müvafiq müraciəti etdi və MSK dərhal müraciətə müsbət cavab verdi.

25 gündür deputatsız olan 14 saylı Xəzər seçki dairəsində yeni seçkinin keçirilib-keçirilməyəcəyinə gəlincə, məsələ hələ ki açıq qalır.

MSK katibi Mikayıl Rəhimov "Yeni Müsavat”a bildirib ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, 14 saylı dairədə yeni seçkinin nə zaman olacağını prezident sərəncamı verildikdən sonra biləcəyik. Ölkə başçısı tərəfindən isə hələ ki belə bir sərəncam imzalanmayıb.

Onu da qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbəti parlament seçkilərinə üç ildən artıq müddət qalıb və 14 saylı Xəzər seçki dairəsində yeni seçki keçirilməlidir.

14 saylı dairədə seçki təyin olunacağı halda hakim Yeni Azərbaycan Partiyasının həmin dairədən namizədinin kim olacağına gəlincə, bu məsələ də prezidentin müvafiq sərəncamı imzalamasından sonra həllini tapacaq. Bu barədə YAP-çı deputatlardan biri əməkdaşımıza bildirib ki, 14 saylı dairədən hakim partiyanın namizədinin kim olacağı hələ bilinmir, lakin seçki keçirilsə, həmin dairədən namizəd çox ciddi şəxs olmalıdır.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook