1 sentyabr
May 22
23:31
2017
Nadir İsrafilov,
Təhsil eksperti
Sınanmış təhsil ənənələrimizi də qoruyub saxlamağa borcluyuq.
"Başıbəlalı 1 sentyabr sindromu” yenidən gündəmə gəlib.
Son günlər bəzi saytların hətta manşetə belə çıxardıqları "Azərbaycan təhsil sisteminə etiraz-Valideynlər ayağa qalxdı” kimi başlıqlı yazılar, "müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslar və sosial şəbəkələrdəki digər paylaşmalar diqqətimi cəlb etdi. Sən demə,valideynlər təhsil müddətinə etiraz ediblər. Hətta dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya belə hazırlayıblar.Petisiyada qeyd edilir ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar. Dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin. Yazılanlara və deyilənlərə görə Petisiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.
Bu yandan da Milli Məclisin deputatı
Fazil Mustafanın Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı "Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu
tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin
keyfiyyətinə də müsbət təsir göstərər. Əvvəllər sovet dövründə qəbul
imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa
sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır,
kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti
qaçırırıq, doğrusu anlamaq olmur” – açıqlaması mənə
sanki son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan "Axırıncı aşırım”dakı
təxmini yadımda qalan bir dialoqu xatırlatdı:
- Hə, necəsən, qəmsəmol? Ağlın başıva
gəldi? Sən hələ uşaqsan bala, aldadıb yolundan çıxarıblar səni. Eybi yoxdur,
ağıllanarsan. Ə Rəşid, tüfəngini ver ona… Tüfəngi götür, keç bizim tərəfə.
– Niyə dinmirsən…
– Mən satqın deyiləm Kərbəlayi.
– Bıy…, satqın niyə olursan.
Əvvəl səhv eləmisən, indi başa düşürsən ki, yaxşı iş görməmisən. Mən də səni
öldürmürəm, bağışlayıram…
Bəri başdan məni qınamayın. Digərlərini deyə bilmərəm, ancaq bəzən mənə elə gəlir ki, kiməsə qəribə görünsə də, təhsilimizdə "xeyir- bərəkətin çəkilməsinin”, dərsə, məktəbə, bütövlükdə təhsilə marağın azalmasının əsas "baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir.
Yəqin çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı. Müəyyən müddət keçməsinə baxmayaraq, xüsusilə son günlər sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı məsələnin təkrar gündəmə gəlməsi artıq bunun heç də sıradan olan adi bir məsələ olmamasından xəbər verir
İndi Kərbəlayı İsmayılın sözü olmasın, haçansa 10-15 il bundan qabaq,
daha dəqiq desək 1999-2000-ci tədris ilində havaların bir balaca
qızmasından narahatçılıq keçirib, Misir Mərdanovun təxəyyülünün məhsulu olaraq
bir səhvə yol vermişik, nə olar, heç olmasa indi də olsa səhvimizi düzəldək.
Bir də ki, axı millət də, millətin vəkili də bundan narahatçılıq keçirir…
Lakin ötən illər ərzində Təhsil Nazirliyi, nədənsə, "Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004–cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əslanaraq, öz mövqeyində hələ ki, israrlıdır. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Nazirliyin cavabında o da vurğulanmışdı ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alıb.
Mənim mövqeyimə gəlincə, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentləri,
məsələnin səmərəli həlli baxımından kifayət qədər yetərli hesab edilə bilməz.
Əvvəla, şagirdlərin təlim yükünün
azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil
proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların
sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən dərs ilini
sentyabrın 15-dən 1-nə çəkməklə də, zəruri hesab olanan iki həftə bərpa edilə
bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun
müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də
uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla
bilməz. Məsələn, bizim 6 yaşdan uşağı məktəbə gödərməyimizə rəğmən, dünya
təhsilinə nümunə sayılan Finlandiyada uşaqları məktəbə 7 yaşdan göndərirlər və
s. Bir də ki, buna qalsa DİM (Dövlət İmtahan Mərkəzi) heç dərs ilinin başa
çatmasına məhəl qoymadan buraxılış və monitorinq imtahanları keçirir. Hələ
üstəlik də bu ərəfələrdə paytaxtda Formula 1, digər beynəlxalq yarışların
keçirilməsi, regionlarda təsərrüfatın qızğın çağı və s. və i.aNə deyim, bəlkə də "pioner” sözündən qıcıqlanıb uşaqlarımizı yay-istirahət düşərgələrindən məhrum etdiyimiz kimi hesab edirik ki, 1 sentyabr da sovetdən qalma nümunədir,"zastoy” dövrünün nişanəsidir, nə bilim imperializmin qalığıdır, başqa bir müəmmadır…?
Yox, əgər beynəlxalq təcrübəni əsas götürürüksə,
bildiyim qədər dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa
çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq
müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü”dür.
Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili
sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada,
Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır
və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir.
İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır.Və yaxud
Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin
mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər
davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın
sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da "Bilik
günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun
üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə "Bilik günü” sentyabr ayının
ilk bazar ertəsi yaxud cümə axşamına təsadüf edir və s.
Nazirliyin "hava şəraiti baxımından
çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə isə, hesab edirəm ki, iqlimlə
əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların
rolu böyükdür. Çünki tempraturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ
qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi
assosiasiya olunur. Buna görə də, belə bir əhval-ruhiyyəyə əsasən istəsək
də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından
məktəblərdə dərsə davamiyyət azalır. Burda insana xas olan harmonal və digər prosesləri də nəzərə
almaq lazımdır. Bir də ki, uzun illərin ənənə amili də var.
1 sentyabrın ilk dərs ilinin başlanğıcı,
bilik günü kimi yaddaşlardan silinməsi üçün keçdiyimiz dövr kifayət etmir.
Xeyli müddən öncə "Əlifba” dərsliyimizi "Ana dili” dərsliyi ilə əvəz ediyimizə
baxmayaraq, məktəblərimiz bu gün də "Ana dili” deyil, "Əlifba” bayramı”
keçirməkdə davam edirlər. Heç olmasa bu baxımdan da olsa digər ənənələrimizə
hörmət və sayğı ilə yanaşdığımız kimi, təhsil ənənələrimizi də qoruyub
saxlamağa çalışmalıyıq və buna borcluyuq.
"1 senyabr” ənənəsinin nə vaxtsa yenidən bərpa olunacağını, gec-tez belə bir addımın atıla biləcəyini istisna etmirəm. Niyə də etməyək. Əgər Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilməsi, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtının ləğv edilməsinə, nəhayət, son qoyuldusa, deməli hazırda mövcud olan belə bir qərar da ləğv edilə bilər. Hər halda növbəti səhvlərə bir daha yol verməmək üçün, heç olmasa keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır. Necə ki, təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan "İş dəftərləri”nin məcburi olmaması barədə, gec də olsa, qərara gəldik. Necə ki, şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik, necə ki, Qanun layihəsindən çıxarmaq istədiyimiz maqistrərə hərbi xidmətdən möhlət hüququ verilməsi müddəasını yenidən qanuniləşdirdik və s.
Nəhayət, unutmayaq ki, təhsil ümumdövlət işi olmaqla
yanaşı, həm də ümumxalq işidir, ümummilli məsələdir. İctimai rəyi nəzərə almaq
isə, Ölkə başçısı tərəfindən təsdiq edilmiş və Milli Məclis tərəfindən qəbul olunmuş
"İctimai iştirakçılıq haqqında” Qanunun başlıca tələblərindən biridir.
Bir dəfə də bu ictimai rəyi
qəribçiliyə salmasaq nə olar ki, …?Qlobal.az