SON XƏBƏR

 "AccessBank" konsulluğu saxtakarlıqda ittiham edir

Avqust 29
12:46 2019
"AccessBank"ın Bakıxanov filialı müştərisi Valeh Hüseynliyə çatacaq 2400 manat kompensasiyanı ödəmir.

Bu barədə BakuPost-a Valeh Hüseynli özü məlumat verib.

O bildirib ki, bank ölkə başçısının sərəncamına əməl etmir: "2015-ci ildə "AccessBank"ın Bakıxanov filialından 10000 dollar kredit götürmüşdüm. Təxminən krediti götürdüyümdən 1 ay sonra ölkədə devalvasiya oldu. Buna baxmayaraq, banka borcumu tam ödədim. Bu ilin əvvəlində prezident banklarda dollar fərqinə görə ödənilmiş pulların vətəndaşlara geri qaytarılması ilə bağlı fərman imzaladı. Bu fərmanın icrasına başlanılanda məlum oldu ki, AccessBank mənə 2400 AZN kompensasiya ödəməlidir. Lakin bank müxtəlif bəhanələrlə kompensasiyanı ödəmir".

Valeh Hüseynli deyir ki, hazırda ölkədə olmadığı üçün vəkilinə etibarnamə verib, lakin bank Azərbaycan konsulluğunun verdiyi etibarnaməni saxta hesab edir: "Hazırda ölkədə olmadığım üçün öncə vəkilim Fuad Şirinova etibarnamə göndərdim. Bank o etibarnaməni qəbul etmədi. Bankın tövsiyə etdiyi etibarnaməni hazırlayıb Azərbaycan Respublikasının Berlindəki Konsulluğunda rəsmiləşdirib qardaşım Dadaşov Taleh Əlisalam oğlunun adına göndərdim. Bu dəfə isə bank etibarnaməni tanımadı və saxta olduğunu iddia etdi. Etibarnaməni verən orqan Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı konsulluğudur. Necə ola bilər ki, konsulluğun verdiyi etibarnaməni bank saxta saya bilər? Dəfələrlə Banka rəsmi müraciət etsəm də, cavab verilmir".

O, məsələ ilə bağlı Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Vilayət Eyvazova da müraciət etdiyini deyib. 

"AccessBank"-dan bildirilib ki, müştərinin təqdim etdiyi etibarnamənin saxta olması şübhəsi var, buna görə də ona ödənilməli olan kompensasiya gecikir. 

Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook